





SIZANAQLARIN MÜALICƏSI
Adi sızanaqlar (acne vulqaris) daha çox cinsi yetkinlik dövrü zamanı
gənclərdə rast gəlinən dərinin geniş yayılmış xəstəliyidir. Adi formadan başqa
sızanaqların bir-birindən patogenez və müalicə sxeminə görə fərqlənən növləri
var. Sızanaq xəstəliyinin patogenezində rol oynayan səbəblər bunlardır - piy
vəzi axarlarının hiperkeratozu, axarların ölmüş hüceyrələr və dəri piyi ilə
dolması, piy vəzi ifrazinin hormonal disbalans fonunda çoxalması və
mikroorqanizmlərin (əsasən Propionibacterium acnes) artıb çoxalması. Patogen
bakteriyaların piy vəzlərinə daxil olması dərinin baryer funksiyasının pozulması,
normal mikrofloranın və immun sisteminin zəifləməsi nəticəsində baş verir.
Propionibakterium acnes sızanaqların patogenezində mühüm rol oynayır, belə ki,
onlar dəri piyini parçaladığı üçün sərbəst yağ turşuları əmələ gəlir, bu
turşular follikul ətrafında iltihaba səbəb olur, dərini qıcıqlandırır və
komedogen təsir göstərir.
Piy ifrazının artmasında 2 amil rol oynayır:
- Genetik meyllilik – dəridə aktiv şəkildə piy ifraz edən çoxlu sayda iri piy
vəzlərinin olması
- Hormonal amil – androgenlərin piy ifrazını stimulyasiya etməsi
Müxtəlif dəri xəstəliklərinin, o cümlədən, acnenin inkişafında mühüm rol oynayan
səbəblərdən biri də stressdir. Stress nəticəsində iltihab prosesinin yaranmasına
səbəb olan bəzi hormonlar əmələ gəlir, həmçinin, qanda androgenlərin miqdarı
artır ki, bu da piy vəzi ifrazını stimulyasiya edir.
Adi sızanaqların müalicəsi zamanı dəri təmizlənir və yerli istifadə üçün
farmokoloji preparatlar təyin edilir.
Dərinin təmizlənməsi üçün bunlar məsləhət görülür:
- xüsusi iltihabəleyhinə məhsullar - gel, təmizləyici süd, köpük
- evkaliptin, kalendulanın, nanənin spirtli məhlulu
- aptek şəraitində hazırlanmış xüsusi losyonlar.
Dəridə iltihab elementləri azaldiqda dərinin aparat vasitəsi ilə təmizlənməsi
həyata keçirilə bilər:
Sızanaqlar və ya aknenin kosmetoloji mərkəzlərdə müalicəsi üçün müxtəlif
prosedurlardan istifadə olunur:
1. Darsonvalizasiya – xüsusi elektroddan istifadə olunur, müalicəvi talk
vasitəsi ilə iltihablı yerlər 5-10 dəqiqə müddətində işlənilir. Həftədə 3-4 dəfə
olmaqla 10-15 seans aparılır.
2. Elektroforez – müxtəlif ıltihab əleyhinə dərmanlardan istifadə olunur.
Xüsusi elektrodla bəzi dərmanlar 5-10 dəqiqə ərzində üzə yeridilir.
Elektroforezin iş prinsipi daimi qalvanik cərəyanın iş prinsipinə əsaslanır.
Prosedur həftədə 2-3 dəfə aparılır, 10-15 seansdan ibarətdir.
3. Kosmetoloji proseslər – müxtəlif professional preparatlardan istifadə
olunur.
4. Kimyəvi pilinqlər – iltihab
elementləri olmadıqda istifadə olunur (qlikol, retinol, mindal, süd turşuları).
Müalicə həftədə 1 dəfə 6-10 seans şəklində aparılır).
5. Təmizlənmə – dərinin ümumi iltihab elementləri sovrulduqdan sonra
həyata keçirilə bilər – manual (əl) və aparat (ultrosəs, radiodalğa) vasitəsi
ilə həyata keçirilir.
6. Aknenin müxtəlif formalarının müalicəsində
mezoterapiyadan geniş istifadə olunur. Bunun üçün istifadə olunan
komponentlər bunlardır: müxtəlif vitaminlər (askorbin turşusu, B qrupu
vitaminləri, biotin və s.), immunomodulyatorlar (glikozaminoqlikol), turşular və
onların duzları (qlikol, retinol, süd turşusu). Müalicə kursu 6-10 seansdan
ibarət olur, həftədə 1 dəfə həyata keçirilir.